Avanqard

Söhrab Tahirin 100 illik yubiley tədbiri keçirilib

Avanqard 27/06/2026

XX əsrdə Azərbaycanın siyasi baxımdan iki hissəyə bölünməsi milli özünüdərk prosesinə ciddi təsir göstərmişdir.Ölməz şairimiz Söhrab Tahirin əsərlərində bu parçalanma sadəcə tarixi hadisə kimi deyil, bütöv bir xalqın mənəvi faciəsi kimi verilirdi. Məlum siyasi səbəblərdən vaxtilə Güneydən Quzeyə mühacirət etmiş və sonralar əsərləri ilə hər iki Azərbaycanın xalq şairi adını qazanmış Söhrab Tahir xalqın tarixini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini vahid sistem daxilində təqdim etməyə çalışırdı. Bu baxımdan onun yaradıcılığında Azərbaycan anlayışı siyasi sərhədlərlə məhdudlaşmayan geniş mədəni və tarixi məkan kimi formalaşdırılır.


Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsində görkəmli şair Söhrab Tahirin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.


Tədbirdə tanınmış yazıçılar, şairlər, alimlər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdilər. Mərasimi giriş sözü ilə şair- tərcüməçi Səlim Babullaoğlu açıb vurğuladı ki, “Söhrab Tahirin əsərləri və həyatı ilə bağlı xatirələr sırasında onun müasirləri ilə münasibətləri də xüsusi maraq doğurur. Azərbaycanın görkəmli yazıçıları ilə görüşləri, ədəbi mühitdəki fəaliyyəti və şəxsi ünsiyyətdə göstərdiyi səmimiyyət onu tanıyanların yaddaşında dərin iz buraxmışdır”.


Və ilk sözü Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsinin sədri Sabir Rüstəmxanlıya verdi. S.Rüstəmxanlı Söhrab Tahirlə bağlı fikir və xatirələrini bölüşdü. S. Tahirlə yaxın dost olan, onun kitablarının redaktoru olub ön söz yazan Sabir Rüstəmxanlı onun poeziyasına xas xüsusiyyətlərdən, eləcə də Söhrab Tahirin şəxsiyyəti və ədəbi irsi barədə fikirlərini iştirakçılara çatdırdı. Qeyd etdi ki, ”Söhrab Tahirin şeir və nəsr əsərlərində Cənubi Azərbaycan türklərinin həyatı, milli hüquqları və mübarizəsi geniş əks olunmuşdur. Özündən sonra bizə zəngin bir irs qoymuş Söhrab Tahirin 57 poema 18 romanın müəllifridir. Bunları necə yazıb çatdıra bilib, deyə düşünürsən. Onunla bağlı xatirələr həm də yalnız bir sənətkarın həyatını deyil, bütöv bir dövrün ədəbi-mədəni mühitini əks etdirir. Heç kimin zərrə qədər xətrinə dəyməzdi, insansevər, zarafatcıldı, çox enerjili idi. Həyat eşqi güclü idi. İranda türk dilinin sıxışdırılması və ana dilində təhsilin məhdudlaşdırılması ilə bağlı müşahidələri Söhrab Tahirin dil məsələsinə həssas münasibətini formalaşdırmışdı. Ana dili sarıdan o qədər yanıqlı idi ki, onun yaradıcılığında milli mövcudluğun əsas göstəricilsi kimi təqdim edirdi...
Onun mühüm xüsusiyyətlərindən biri də türk tarixinə və milli kimlik məsələlərinə müraciət etməsi idi. Mən onun son və çox qiymətli iri həcmli əsəri Ata” poema-eposu üzərində geniş dayanmaq istəyirəm. Bu əsərdə müəllif təkcə şair kimi deyil, həm də milli yaddaşın qoruyucusu kimi çıxış edir. “Ata” əsərini Şərq ənənəsinə, xüsusilə də “Şahnamə” ilə polemik münasibətdə dəyərləndirmək mümkündür. Söhrab Tahir hadisələrə fərqli rakursdan yanaşaraq türk dünyasının tarixi və mədəni irsini ön plana çəkir. Söhrab Tahirin əsərləri özəlliklə xalq ədəbiyyatından, folklordan və milli tarixi yaddaşdan qidalanırdı”.


Tanınmış tənqidçi alim Rüstəm Kamal çıxışında dedi ki, “S.Tahir yalnız şair deyil, həm də xalqın tarixini, ağrılarını, ümidlərini ədəbiyyatda yaşadan böyük söz ustası idi. Onun həyat yolu ilə yaradıcılığı arasında mövcud olan üzvi əlaqə poetik dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır. Cənubi Azərbaycanda keçən uşaqlıq illəri, milli azadlıq hərəkatının iştirakçısı olması, məcburi mühacirət həyatı və doğma yurddan ayrılıq təcrübəsi şairin bədii təfəkkürünün əsas istiqamətlərini müəyyənləşdirmişdir”.
Araşdırmaçı alim Pərvanə Məmmədli bunu vurğuladı ki, “Söhrab Tahir milli yaddaşı və bölünmüş vətən mövzusunu işləməsi baxımından dünya ədəbiyyatının bir sıra böyük simaları ilə müqayisə oluna bilər. O da çexiyalı Milan Kundera kimi ölkəsinin tarixini ayrı-ayrı insanların taleyi üzərindən göstərirdi. Ölkəsindəki hadisələri çilili Pablo Neruda kimi bütövlükdə poetik mifə çevirə bilirdi. Ayrılıq və sürgün mövzusunda Söhrab Tahiri İosif Brodski ilə müqayisə etmək mümkündür. Brodskinin şeirlərində sürgün şəxsi faciə idisə, Söhrab Tahirdə ayrılıq tək adamın deyil, bütöv xalqın faciəsinə çevrilirdi.


Tarixi şəxsiyyətlərin təqdimatında isə Victor Hugo kimi tarixi hadisələr mənəvi hadisə kimi təqdim edir, Pişəvəri və Səttarxanı milli ruhun daşıyıcıları kimi göstərirdi.”


Tərcüməçi Yədulla Kənani çıxışında diqqəti onun nəsr əsərlərinə yönəıldib dedi ki, Söhrab Tahir daha çox şair kimi tanınsa da, onun nəsr yaradıcılığı da Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Müxtəlif janrlarda qələmə aldığı əsərlər arasında romanları xüsusi yer tutur.


O, povest və romanlarında Cənubi Azərbaycanın taleyini, vətən həsrətini, insanın mənəvi dünyasını və ictimai problemləri bədii şəkildə əks etdirmişdir. Əsərlərində həyat həqiqətləri ilə romantik duyğuların vəhdəti diqqəti cəlb edir. Vətən həsrəti və doğma torpağa bağlılıq onun yaradıcılığının aparıcı xəttini təşkil edirdi”.


Tədbirdə həmçinin Tariyel Ümid, Seyran Səxavət, Həmid Herisçi, Zəki Bayram, Yurdçu, İlqar Türkoğlu çıxış edərək Söhrab Tahirin yaradıcılığına xas cəhətlərdən söz açdılar, onun Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə fikirlərini bölüşdülər, həmçinin şairlə bağlı xatirələrini iştirakçılarla paylaşdılar.


Tədbirin sonunda Söhrab Tahirin şeirlərindən nümunələr səsləndirildi. Qiraətçi Mahmənzər xanım tərəfindən şairin məşhur “Ürək” şeiri təqdim olundu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.


Tədbirdə belə bir yekun fikir səsləndirildi ki, Söhrab Tahirin əsərləri XX əsr Azərbaycan xalqının ictimai-siyasi taleyinin, mənəvi dünyasının və milli idealının poetik ifadəsi olmaqla yanaşı, müasir dövrdə də elmi və ədəbi tədqiqatlar üçün aktual mənbə olaraq qalmaqdadır və yeni tədqiqatçılarını gözləyir.

 

Digər Məqalələr